Maraqlı
Dünyanın ən qapalı ölkəsindən reportaj
A
Dünyanın ən qapalı ölkəsindən reportaj
21:52 22.02.2018
16-21 fevral tarixləri arasında dünyanın ən sirli, qapalı ölkəsi olan Şimali Koreyaya səfər etmiş ictimai fəal Bəxtiyar Hacıyev öz səfər qeydlərini XəbərNet.az üçün qələmə alıb. 

1-ci yazı:

Həyatımda ikinci dəfə idi ki, hərhansı bir səfərə qalan günləri geri sayırdım. Birincisi, orta məktəb illərində Beynəlxalq Fizika Olimpiadasında iştirak üçün ilk dəfə səfərə çıxacağım İtaliya səfəri idi. İkincisi isə Şimali Koreyaya (Koreya Xalq Demokratik Respublikası). İkinci səfərin həyəcanı qorxu və narahatlıqdan yox, macəra axtarışı və dünyanın ən sirli ölkəsi barədə maraq hissindən idi. Səfərdən əvvəl beynəlxalq mətbuatda Şimali Koreya barədə xəbərlərin sayı artdıqca, bu həyəcan hissi də artırdı. 

Şimali Koreyaya səfər zamanı həm valideynlərimizin yaşadığı bənzər sistemi, keçmişi görmək, həm də müsbət dəyişikliklər olmazsa, avtoritar sistemlərin nələrə gətirib çıxara biləcəyini görmək və göstərmək idi. Eyni zamanda, Şimali Koreya səfərindən sonra gedəcəyim Cənubi Koreyanı da görüb, iki fərqli sistemin, iki fərqli idarəçiliyin bir millət-iki dövlətdə hansı problemlər və inkişaf yolu yaradacağını müşahidə etmək idi. KXDR-a səfər ideyası ABŞ-da birlikdə təhsil aldığımız çinli dostumuzlə bir neçə il əvvəl söhbət zamanı yaransa da, səfərin məhz fevralda olmasının xüsusi səbəbi vardı. Kim Çen İrin doğum günü münasibəti ilə 16 fevralda keçiriləcək 30-cu "Kimjonguliya Gül bayramı -Parlayan ulduz  günü" çərçivəsində keçiriləcək kütləvi tədbirləri görmək istəyirdik.    

Şimali Koreya vizası indiyə qədər aldığım ən asan viza olmuşdu. Pasportumun surətini və bir ədəd fotonu elektron poçtla göndərib, vizanı Çində sərhəddə götürmüşdüm. Ölkəyə girişi Çindən qatarla edəcək, çıxışı isə gün ərzində cəmi bir reys həyata keçirən Pxenyan hava limanından KXDR-ın AirKoryo hava yolları ilə edəcəkdim. Bununla da həm qatar, həm hava yolu təcrübəsini yaşamış olacaq, həm də qatar səfəri zamanı ətrafı müşahidə edib, qatardakı yerli əhali ilə təmasda olmaq şansım yaranmışdı. 

Çinin Dandong şəhərindən qatara sənədlərin yoxlanması başlanmışdı. Gözləmə zalında bir neçə yüz nəfər Çin, KXDR vətəndaşı, 20-yə yaxın əcnəbi vətəndaş gözləyirdi. Qeydiyyata yaxınlaşan ilk şəxslərdən biri olsam da, Azərbaycan pasportunu görən sərhədçilər müxtəlif yerlərə zəng edib, suallar soruşmağa başladılar. Hamı bir-bir qeydiyyatdan keçmişdi, sərhədçilər isə mənim pasportumu götürüb, öz aralarında nəyisə müzakirə edir, məndən səbrlə gözləməyi xahiş edirdilər. Vaxt keçdikcə, narahat olmağa başladım. Aylarla planlaşdırdığım, illərdir getmək istədiyim ölkəyə bu qədər yaxın yerdə problem çıxmasını istəmirdim. Artıq qatarın hərəkət saatı çatmışdı, sərhədçilər isə pasportumu qaytarmırdılar. Sərhədçilər "narahat olmayın, sizsiz qatar hərəkət etməyəcək" dedilər. 

Təxminən yarım saat qatarı gözlətdikdən sonra pasportumu mənə qaytardılar və qaçaraq qatarın vaqonlarından birinə girdim. KXDR-lı bələdçi həyəcanla məni öz vaqonuma qədər müşayiət etdi. Sonradan öyrəndim ki, KXDR və Çin arasında hərəkət edən qatarda əcnəbilər üçün ayrıca vaqon saxlamaqla, əcnəbilərin yolda yerli əhali ilə təmasını minimuma endirməyə çalışırlar. 

Qatar qısa hərəkətdən sonra Çin-Koreya Dostluq Körpüsünü keçdi və KXDR ərazisində sənədlərimiz, əşyalarımız yoxlandıqdan sonra, yola davam etdi. Artıq dünyanın ən qapalı, ən sirli ölkəsinin ərazisində idik və Pxenyana qədər yanımızda bələdçi olmayacaqdı. Fürsətdən maksimum istifadə edib, ətrafı görmək, foto və videolar çəkmək, yerli əhali ilə danışmaq istəyirdim. Qatarın vaqonları arasında gəzişib, sağ və sol pəncərələrdən fotolar çəkərkən Şimali Koreyalı bir şəxs özü mənə yaxınlaşdı, rus dilində danışmağa başladı, keçmiş SSRİ-də təhsil aldığını bildirdi. Həmin sərnişin və bir neçə başqa sərnişin dəfələrlə jurnalist olub-olmadığımı israrla soruşdular. 

- Bilirəm, yazma, çəkmə desəm də, yazacaqsan. Ancaq, xahiş edirəm ki, yazanda gördüyün müsbət məqamları da yaz və nəzərə al ki, gördüyün ölkə uzun illərdir beynəlxalq sanksiyalara məruz qalmış ölkədir. 

Həmin sərnişin bir müddət yanımda dayanaraq, ətrafda mənfi görünə biləcək hər şey haqqında müsbət şərh verməyə çalışırdı. 

- Bax, yollarımız köhnədir, görürsən. Ancaq necə təmizdir, elə deyil? Çində isə yollar müasirdir, ancaq insanlar küçələri zibilləyirlər. 
- Bax, tarlalarda gübrələri görürsən? Onları dövlət bizə pulsuz verir. Biz tərəvəzləri çətinliklə yetişdiririk, ancaq hər şey təbiidir. Çində tərəvəz yemisən? Süni şəkildə yetişdirilmiş tərəvəzlərlə təbii gübrə ilə yetişdirilmiş tərəvəzin dadı bir olar? 
- Görürəm, ağır yük daşıyan qadınların fotosunu çəkirsən. Qadınlarımız çətin şəraitdə işləyirlər, ancaq onlar zəhmətkeş, qürurlu və namusludurlar. 

Qatar saatda 50-60 km sürətlə hərəkət etdikcə, sərnişinlərlə ölkənin durumu, siyasət, iqtisadi problemlər barədə danışırıq. Onlar bütün problemlərin kökünün ABŞ-ın bütün dünyaya ağalıq etmək istəyində olduğunu bildirir, Şimali Koreyanın isə ABŞ-a baş əyməyəcəyini deyirdilər. Qatarın müxtəlif vaqonlarında müxtəlif yaş kateqoriyalarından Şimali Koreya vətəndaşları ilə danışdıqca, onların hamısının ABŞ-a dərin nifrətini hiss etməmək mümkün deyildi. Onlar Cənubi Koreyalılar barəsində isə xeyli müsbət danışırdılar və ən qısa zamanda Koreyanı bütöv görmək istədiklərini deyirdilər. 

Beləcə, Çindəki qatarların sürəti ilə 1-2 saatda qət edə biləcəyimiz yolu 7-8 saata qət edərək, yol kənarında kilometrlərə torpaq yollarda minlərlə koreyalının velosipedlərlə hərəkətini, ağır yükləri bellərində daşımaqlarını izləyərək paytaxt Pxenyan vağzalına çatırıq. Mən və alman dostumuz üçün ayrılmış bələdçilər vaqonun çıxışında bizi salamlayıb, axşam yeməyi üçün yerli restoranlardan birinə apardılar. Onlar bizim pasportlarımızı alıb, bir də KXDR-ı tərk edəcəyimiz vaxt qaytaracaqlarını dedilər. Biz isə yolda gördüyümüz hər şeyin fotosunu çəkməyə çalışırdıq. Gördüyümüz ilk Kim İr Sen və Kim Çen İr portretlərinin olduğu lövhəni çəkməyə çalışdıqda, bələdçilərimiz gülümsəyərək "Narahat olmayın, o portretlərdən Pxenyanda çoxdur və çəkməyə vaxtınız çox olacaq" dedilər. 

Axşam yeməyindən sonra bizi qalacağımız otelə apardılar. Xarici vətəndaşların saxlandığı Yangakdo oteli Pxenyanın mərkəzindəki bir adada yerləşir. Turistlər bələdçilərin müşayiəti ilə ora gəlirlər və adadan kənara bələdçisiz çıxmaq qadağandır. Bütün qrupların, fərdi səyahət edən turistlərin bələdçiləri də həmin oteldə, xüsusi mühafizə olunan mərtəbədə qalırlar. Axşam saatlarında oteldən bir az uzaqlaşmaq və adadan çıxmaq istəyən turist mütləq bələdçisinə zəng etməli, onunla birlikdə çıxmalıdır.

Növbəti yazıda: 
- Şimali Koreyada Kim Çen İrin doğum günü münasibəti ilə keçirilən Kimjonguliya Gül Bayramı - Parlayan Ulduz günündən, kütləvi rəqslərdən qeydlər
- Koreya Müharibə Muzeyindən və Şimali Koreya tərəfindən ələ keçirilmiş, ABŞ hərbi donanmasına məxsus Pueblo gəmisindən qeydlər, fotolar. 
Baxılıb: 397
son xəbərlər
22:3503.03.2018