Maraqlı
Şimali Koreyada "Gül Bayramı" - "XəbərNet"in reportajı
A
Şimali Koreyada
22:20 22.02.2018
16-21 fevral tarixləri arasında dünyanın ən sirli, qapalı ölkəsi olan Şimali Koreyaya səfər etmiş ictimai fəal Bəxtiyar Hacıyev öz səfər qeydlərini XəbərNet.az üçün qələmə alıb.  

1-ci yazını buradan oxuya bilərsiniz: https://www.xebernet.az/news_192.html

2-ci gün: Kimjonguliya Gül bayramı, Koreya müharibə muzeyi, ələ keçirilmiş ABŞ kəşfiyyat gəmisi.  

Səfərin ikinci gününü səbirsizliklə gözləyirdim. 16 fevral tarixində Kim Çen İrin doğum günü - Parlayan Ulduz Günü münasibəti ilə təşkil edilmiş Kimgonguliya Gül bayramında iştirak edəcək, Pxenyan mərkəzində hər il təşkil olunan kütləvi rəqs mərasimini izləyəcək və Koreya Müharibə Muzeyində olacaqdıq. Xüsusi ilə Koreya Müharibə Muzeyinin yaxınlığında saxlanan, 1968-ci ilin 23 yanvarında Şimali Koreya tərəfindən ələ keçirilmiş və böyük böhrana səbəb olmuş ABŞ hərbi donanmasına məxsus kəşfiyyat gəmisi - Pueblonun içini görmək şansımız olacaqdı. 

Bu il 30-cu dəfə keçirilən Kimjongiliya Gül festivalı - Parlayan Ulduz günündə yenə də yüz minlərlə Şimali Koreyalı Kim Çen İrin şərəfinə yetişdirilmiş Kimjongiliya güllərindən ibarət sərgiyə gəlmişdilər. Bu gül yaponiyalı və Şimali Koreyalıların qəbul etdiyi Çuçxe (insan özünün və ətrafındakı baş verənlərin sahibidir) ideyasının daşıyıcısı botanik Kamo Mototerunun 20 illik təcrübələri nəticəsində yetişdirilmiş və Kim Çen İrin şərəfinə Kimjongiliya (Kim Çen İr gülü) adlandırılmışdır. 

Bu gülə həsr edilmiş mahnılardan birində deyilir: 

Ölkəmizdə çiçəklənən qırmızı güllər
Bizim qəlbimiz kimidir: Liderimizə məhəbbətlə dolu
Qəlblərimiz Kimjongiliyanın gənc qönçələri kimidir
Oh! Sədaqətimizin gülü! 

Gül bayramının keçirildiyi salonun qarşısında Şimali Koreyalıların kilometrlərlə davam edən növbəsi vardı. Onlar müxtəlif dövlət qurumlarının, bəzi xarici özəl şirkət rəhbərlərinin Kimjongiliya güllərindən hazırlatdıqları xüsusi ekspozisiyaları izləyir, öz rəhbərlərinə sevgilərini ifadə edirdilər. Hər qurumun stendi həmin qurumun sahəsinə uyğun olaraq bəzədilmişdi. Gül bayramının keçirildiyi salonun mərkəzində Kimjongiliyalardan hazırlanmış əsas ekspozisiyada bütöv Koreya xəritəsi vardı. Bələdçilərimiz Şimali Koreya ilə Cənubi Koreyanın yenidən birləşəcəyinə ümid və inamlarını ifadə edib, həmin günün çox da uzaqda olmadığını bildirdilər. Sərgini ziyarət etdikdən sonra sərginin xatirə dəftərinə bu xalqın daha azad, daha firəvan gələcəyinə ümid etdiyimi yazıb, sərgi salonundan ayrıldıq. Çünki, eyni saatda şəhərin başqa bir tərəfində daha bir maraqlı mərasim keçirilirdi. 

Avtobusla qısa müddət yol getdikdən sonra Parlayan Ulduz Gününün ikinci əsas tədbiri - kütləvi rəqsin keçirildiyi meydana çatdıq. Biz ora çatana qədər artıq rəqslərin bir çoxu bitmişdi və bizim rəqsləri izləmək üçün yarım saatdan da az vaxtımız qalmışdı. Bu qısa müddətdə həm rəqsləri izləmək, həm də görüntüləri foto və video kameralarımızın yaddaşına köçürməyə çalışırdıq. Koreya milli geyimləri geyinmiş xanımlar və səliqəli geyim və saç düzümləri ilə seçilən minlərlə gənc öz liderlərinin doğum gününü müxtəlif musiqilərə birlikdə rəqs etməklə qeyd edirdilər. Hətta bir neçə yerdə əks cinsdən tərəf müqabili tapa bilməyən bəylərin öz həmcinsləri ilə rəqs etdiklərinin şahidi olduq. Bələdçilərimiz bu rəqslərin məcburi yox, könüllü olduğunu və orada kütləvi rəqs edən gənclərin hər birinin Çuçxe ideologiyasına, Şimali Koreyanın rəhbərlərinə sadiq olduqlarını, onların əsgərləri olduqlarını bildirdilər. 

Növbəti dayanacağımız 1950-1953-cü illərdə Şimali Koreya və (Çin və SSRİ-nin dəstəyi ilə) Cənubi Koreya (ABŞ-ın dəstəyi ilə) arasında olmuş, yüz minlərlə insanın həyatını itirdiyi Koreya müharibəsi muzeyi idi. Muzeyin həyətinə gedən yolun sağında və solunda ABŞ, Britaniya və Cənubi Koreyaya dəstək vermiş digər ölkələrə məxsus hərbi texnika, helikopter, sualtı qayıqların qalıqları nümayiş etdirilirdi. Şimallılar bu hərbi texnikanı nümayiş etdirməklə başda ABŞ olmaqla Cənubi Koreyaya dəstək vermiş ölkələrin biabırçı məğlubiyyətini öz vətəndaşlarına göstərdiklərini deyirlər. Koreya müharibə muzeyinin ərazisində ən diqqət çəkən yer isə ABŞ donanmasına məxsus, əvvəllər tədqiqat gəmisi olmuş, sonradan kəşfiyyat məlumatları toplamaq üçün Şimali Koreya sərhədinə yaxınlaşmış, 1968-ci ilin yanvar ayında ələ keçirilən Pueblo gəmisidir. Gəmiyə daxil olan kimi gəminin tarixi, ələ keçirilməsi, ABŞ rəsmilərinin və gəmi kapitanının üzr, əfv ərizəsi yazması, onların azad edilməsi ilə bağlı hazırlanmış xüsusi təbliğat videosu izlətdirilir. 

Pueblo Şimali Koreyalılar tərəfindən ələ keçirilərkən heyətdən bir nəfər öldürülür, qalan 82 heyət üzvü isə təxminən 1 ilə yaxın Şimali Koreyada saxlanılır. Uzun sürən danışıqlardan sonra ABŞ tərəfi gəmi heyətini xilas etmək üçün Şimali Koreyalılar tərəfindən hazırlanmış mətni imzalayırlar. Mətndə gəmi heyətinin kapitanı Şimali Koreya sularında kəşfiyyat işləri apardıqlarını etiraf edir və üzr istəyir. ABŞ tərəfi həm də onunla razılaşır ki, bir daha Şimali Koreya dəniz sərhədlərinə kəşfiyyat məqsədi ilə yaxınlaşmayacaq, bu hal bir daha yaşanmayacaq. Etiraf və üzr mətninin imzalanması gəmi heyətini ölkədən sağ çıxarmaq üçün olsa da, bizə göstərilən videoda və həmin etiraf və üzr məktublarının təqdimatında Şimali Koreyalılar bunu ABŞ-ın "bir daha düzəlməyəcək biabırçı məğlubiyyəti" kimi təqdim edirdilər. 

Gəmi heyətinin 1968-ci ilin sonunda DMZ(Şimali və Cənubi Koreya arasında silahsızlaşdırılmış zona) ərazisindəki "Geri qayıdışı olmayan körpü" vasitəsi ilə ölkədən çıxarılması görüntüləri isə "Koreya xalqı qarşısında diz çökmüş ABŞ imperiyalistləri ABŞ əsgərlərinin şərəf və ləyaqəti olmayan şəkildə, arxaya baxmadan, qaçaraq körpüdən keçirdilər" məzmunu ilə təqdim edilirdi. 

Pueblo gəmisini gəzdikdən sonra Koreya Müharibə Muzeyinə daxil olduq. Nədənsə, bu muzeydə çəkiliş aparmağımıza icazə vermədilər. Muzey sözün əsl mənasında müasir standartlara cavab verən, hər tərəfi mərmərlə döşənmiş, gözəl işıqlandırılmış və isidilmiş, Koreya Müharibəsinin hər mərhələsini, bəzən müəyyən əsgər postlarını təkrarlamış, 3D ekspozisiyalarla doldurulmuşdu. Muzeyin daxili girişində isə 2011-ci ildən etibarən Şimali Koreyanın Ali Lideri olan Kim Çen Inın böyük heykəli yerləşdirilib. 

Səfərimin ilk günündən etibarən deyib-güldüyümüz bələdçilərimiz heykəli gördükdə yan-yana dayanıb, təxminən 90 dərəcəyə yaxın əyilərək, heykələ təzim etdilər. Bu mənzərəni başqa ölkələrdə sıx-sıx görsəm də, nədənsə, həmin anda çox qarışıq hisslər yaşadım və qısa müddət də olsa, bələdçilərimə acıdım.

Növbəti yazılarda:
- Dünyanın ən ciddi qorunan sərhəd zonası DMZ (Silahsızlaşdırılmış zona) haqqında qeydlər
- Kim ailəsinə Azərbaycandan göndərilmiş hədiyyələr nələrdir və bu hədiyyələr harada saxlanılır
- Şimali Koreyanın iki üzü: Pxenyan və regionlar
- Şimali Koreya orta məktəbi, metrosu və mərkəzi kitabxanasından reportaj
- Şimali Koreyada turistlərə qadağalar

Baxılıb: 637
son xəbərlər
22:3503.03.2018