Maraqlı
Dünyanın ən ciddi qorunan sərhəd xəttindən "XəbərNet"in fotoreportajı
A
Dünyanın ən ciddi qorunan sərhəd xəttindən
22:22 24.02.2018
16-21 fevral tarixləri arasında dünyanın ən sirli, qapalı ölkəsi olan Şimali Koreyaya səfər etmiş ictimai fəal Bəxtiyar Hacıyev öz səfər qeydlərini XəbərNet.az üçün qələmə alıb. 


Əvvəlki yazılar:
Şimali Koreyaya səfərimizin 4-cü günü bu ölkəyə səfər edən hər bir turistin həyəcanla gözlədiyi yerə, DMZ (Demilitarized Zone - Silahsızlaşdırılmış Zona) adlanan, 38-ci paraleldə yerləşən, Şimali Koreya ilə Cənubi Koreyanı ayıran sərhəd zonasına getdik. Şimali Koreya qeydlərini yazdıqda artıq Cənubi Koreyaya, Seula çatmışdım. Seulda ilk gün otellərdən birinin lövhəsində Cənubi Koreya tərəfdən DMZ-yə tur reklamının üzərində yazılmışdı: "Şimali Koreyalı əsgərlərə baxmaq kimi unudulmaz həyəcanı yaşayın". Bu reklam posterinə baxan əcnəbilərin danışdıqlarını eşitdikcə, ürəyimdə "nəinki onlara Cənubi Koreya tərəfdən baxmaq, cəmi bir neçə gün əvvəl Şimali Koreyada onlarla birlikdə avtobusda getmiş, danışmış, deyib-gülmüşük" dedim. 

Nə qədər təzadlı olsa da, adı Koreya Silahsızlaşdırılmış Zonası olan bu ərazi dünyada əsgərlər və silahlarla ən ciddi qorunan sərhəddir. Xüsusi ilə də son illərdə Şimali Koreya tərəfi öz əsgərlərinin qarşı tərəfə keçməməsi üçün əraziyə xeyli sayda mina yerləşdirib. 

Eyni zamanda, maraqlı idi ki, həm Cənubi, həm də Şimali Koreya tərəfi əsgərlərinin üz-üzə dayandığı bu ərazini turistik məkana çevirməyə və bacardıqları qədər turisti ora cəlb etməyə çalışırlar. 

DMZ Koreya Yarımadasını sadəcə coğrafi olaraq iki hissəyə bölmür. 250 km uzunluğunda, 4 km enində olan bu xətt Koreyanı da iki yerə bölüb və  fərqli idarəçilik, fərqli rejim, fərqli inkişaf yolu, fərqli təfəkkür, fərqli insanları olan iki ölkə yaradıb. 1953-cü ildə Çin, Şimali Koreya və BMT-nin ortaq anlaşması ilə salınan bu sərhəd xəttinin qərbində yerləşən Panmunjom adlanan ərazidəki Ortaq Təhlükəsizlik Sahəsində hər gün Şimali və Cənubi Koreya əsgərləri növbə ilə üz-üzə dayanırlar. Ortaq Təhlükəsizlik Sahəsi (JSA) mavi rəngdə boyanmış üç konfrans otağından və ortadan keçən təxminən 10 sm hündürlükdəki sərhəd xəttindən ibarətdir. Bu konfrans otaqlarında mütəmadi olaraq, Şimal və Cənub rəsmiləri arasında danışıqlar aparılır. 

Biz Panmunjona yaxınlaşdıqda bizə bildirildi ki, təhlükəsizliyimiz üçün avtobusumuza iki silahlı əsgər də əyləşəcək. Biz Panmunjona çatdıqda, Ortaq TƏhlükəsizlik Sahəsinin hər iki tərəfində turistlər vardı. Şimali Koreyalı əsgər və zabitlər bir tərəfdəki qrupla danışırdılar, Cənubi Koreya tərəfdəki zabitlər isə daha kiçik bir qrupa. Cənubi Koreya əsgərlərinin geyim, silah və istifadə etdikləri hərbi texnikada ABŞ ordusunun, Şimali Koreya əsgərlərində isə Sovet İttifaqının izlərini görmək mümkün idi. Fərq sadəcə hərbi texnika və geyimlərdə deyildi, hətta, digər tərəfdəki binanın arxitekturası, yolların təmiri və s. şimaldan çox fərqlənirdi. Sanki, 2018-ci ildə yenidən iki supergüc DMZ-də üz-üzə dayanmışdılar. 

Cənubi Koreyalı zabitlərin bələdçilik etdikləri tur çox qısa çəkdi. Onlar turistləri də götürüb, öz tərəflərində əsgər saxlamadan ərazidən ayrıldılar. Şimali Koreya zabitlərindən soruşduqda, adətən turistəri növbə ilə gətirdiklərini, bəzən digər tərəfin rahat gəzinti təşkil etməsi üçün Şimallıların da ərazidən uzaqlaşdıqlarını dedilər. 

DMZ-də daha sonra bizi bu ölkənin ilk lideri olmuş Kim İr Senin ölümündən bir gün əvvəl həmin ərazidə Şimali Koreya ilə Cənubi Koreyanın milli birləşməsi ilə bağlı sənədlərə qeydlər etdiyi yerdə ucaldılmış "Avtoqraf Heykəli"nə apardılar. Bu heykəlin üzərində Kim İr Senin imzası vardı. Bu, onun həyatda atdığı son imzası olmuşdu və daş üzərinə həkk edilmişdi. 

DMZ-də bizi həm də 1953-cü ilin iyul ayında ABŞ, Çin və Şimali Koreya tərəfindən razılaşdırılmış atəşkəs anlaşmasının imzalandığı zala da apardılar. Zalda danışıqların aparıldığı masa və oturacaqlar, masaların üzərində olan bayraqların və anlaşmaların orijinalları saxlanılır. 2000-ci illərdən başlayaraq Şimali Koreya tərəfi bu atəşkəs anlaşmasının müvəqqəti olduğunu, öz qüvvəsini itirdiyini bildirib və atəşkəs anlaşmasının sülh anlaşması ilə əvəz edilməsini istəyib. Ancaq, ABŞ tərəfi bunu qəbul etməyib və ön şərt olaraq, Şimali Koreyanın öz nüvə ambissiyalarından tam əl çəkməsini qoyub. Şimali Koreyalı zabit bələdçilər öz ölkələrinin sülhə razı olduğunu, ancaq ABŞ tərəfin hər dəfə Cənubi Koreya ilə birlikdə hərbi təlimləri vasitəsi ilə, yaxud müxtəlif bəhanə və ön şərtlərlə sülh sazişinin imzalanmasının qarşısını aldığını dedilər. 

DMZ-dən qayıtdıqdan sonra Pxenyanda qısaca olaraq, Pxenyan metrosunu da görmək imkanımız oldu. Pxenyan metrosunun dünyada ən dərində qazılmış metro xətti olduğu deyilir. Biz stansiyaya çatanda stansiyanın giriş zalında işıqlar yanmırdı. Turist qrupu metro stansiyasına daxil olduqdan bir neçə dəqiqə sonra zalın işıqlarını yandırdılar və biz dünyanın ən dərin metrosuna endik. 

Qatar platformalarında sakinlərin gündəlik qəzetləri oxuması üçün lövhələr quraşdırılmışdı. Biz stansiyada qatar gözlədiyimiz müddətdə bəzi Pxenyan sakinləri həmin lövhələrdəki qəzetləri oxuyurdular. Bir neçə dəqiqə sonra isə növbəti qatar gəldi və biz bir stansiyalıq səfərə başladıq. 

Pxenyan metropoliteninin qatarları həddindən artıq köhnə, səs-küylü və qaranlıq idi. Vaqonun bəzi işıqları yanır, əksər işıqları isə söndürülmüşdü. Həm qatarlar, həm də metro stansiyalarının arxitekturası SSRİ ölkələrində olan metro stansiyalarını xatırladırdı. İkinci metro stansiyasının çıxışında bizi avtobus gözləyirdi və biz cəmi bir dayanacaq getmiş, iki stansiya görmüş olduq. Digər stansiyaların təmiri, durumu barədə isə məlumatımız olmayacaqdı, çünki, turistlər üçün dövlət tərəfindən müəyyən marşrutlar müəyyənləşdirilib və bu marşrutda metro xəttindən cəmi bir neçə stansiyanı görməyə icazə vardı.
Baxılıb: 167
son xəbərlər
22:3503.03.2018