İdman
Pxençxan Qış Olimpiya Oyunlarından "XeberNet.az"ın reportajı
A
Pxençxan Qış Olimpiya Oyunlarından
10:16 26.02.2018
Son 17 gün Cənubi Koreyanın Pxençxan şəhəri Qış Olimpiya Oyunlarına və bənzərsiz həyəcan və ruhun yaşandığı mühitə ev sahibliyi edirdi. 25 fevral tarixində isə bu şəhər Qış Olimpiya Oyunlarının final mərhələsində müxtəlif elementləri özündə birləşdirən harmoniya ilə dünya ölkələrini bir-birinə daha da yaxın etdi. 

Pxençana Seuldan səfər bir neçə saat davam etdi və mən ora çatdıqda artıq bağlanış mərasiminə cəmi bir neçə saat qalmışdı. ŞƏhərin mərkəzində avtobusdan düşən kimi ətrafa baxmağa başladım. Bir tərəfdə qar şəhərciyi və qardan hazırlanmış abidələr. Digər tərəfdə ABŞ prezidentinə və ABŞ-a dəstək mitinqi. Onun qarşısında Pxençan Qış Olimpiya Oyunlarını Şimali Koreyaya müsbət imic qazanmaq üçün şərait yaratdığına görə boykot edən mitinq. Hər tərəfdə səliqə ilə geyinmiş və düzülmüş polislər və s. 

Bir az irəlidə müasir incəsənət nümunələrinin nümayiş etdirildiyi küçə, bir az sonra isə Koreya milli rəqslərinin ifa edildiyi məkan. Ümumilikdə,  Olimpiya Oyunlarına maraq və həyəcan nə həddindən artıq çox, nə də həddindən artıq az deyildi. Sanki, şəhərdə sıradan bir festival keçirilirdi. Hətta Seulda və digər yerlərdə ölkənin Qış Olimpiya Oyunlarına ev sahibliyi etdiyini hava limanı, əsas vağzal və meydanlardakı informasiya mərkəzlərindən başqa heç bir yerdə hiss etmək olmurdu. Pxençanın özündə də bu hadisəni çox ciddi, böyük hadisə kimi qəbul etməyənlər vardı. Azərbaycanda Avropa Oyunlarının keçirilməsini, bütün dövlət qurumları, KİV-lərin, hüquq-mühafizə orqanlarının səfərbər edilməsini xatırladım. Yüngül yemək üçün yaxınlaşdığım bir kafedən bağlanış mərasiminin saatını və bilet tapıb-tapa bilməyəcəyimi soruşuram. "Doğrusu, bilmirəm. Bu gün bağlanış mərasimi var ki?" soruşanda təəccüblənirəm. Bir az sonra hava nisbətən soyuyur və başqa bir kafedən qəhvə alıb, bir az isinmək istəyirəm. Burada da eyni sualı soruşduqda satıcılar bağlanış mərasiminin tarixini xatırlayırlar: "A! Doğrudan, bu gün bağlanış mərasimi var idi axı". 

Bu Qış Oyunları beynəlxalq mətbuatda daha çox Rusiya atletlərinin dopinq qalmaqalı, Rusiyanın olimpiadada "Rusiyalı Olimpiya Atletləri (OAR)" kimi iştirak edəcəkləri, Rusiya himni və Rusiya bayrağına Olimpiadada qadağa qoyulması ilə yadda qalmışdı. Ancaq, Pxençxan Olimpiya Arenasının hər tərəfində böyük ölçülərdə Rusiya bayraqlarını qaldırmış ziyarətçiləri görmək mümkün idi. İstər qatarda, istər avtobuslarda, istər stadionda, ətrafda, hər yerdə ən çox diqqəti cəlb edən Rusiya azarkeşləri idi. 

Hətta, Olimpiya staionu ətrafında qara bazara da ruslar nəzarət edirdilər. Onlar kassalara yaxınlaşıb, sadəcə qiyməti 600-900 dollar olan biletlərin qaldığını öyrənən və məyus şəkildə oradan uzaqlaşan insanlara yaxınlaşıb, çox ucuz qiymətə satırdılar. Qiymət 250-300 dollardan başlayır, danışıqlar nəticəsində ortaq məxrəcə gəlinirdi. Rusiyalılar xokkey komandalarının qələbəsini içərək qeyd etmişdilər və qara bazarın aktiv satıcılarından və nəzarətçilərindən biri mənə "bir az gözlə, əlimizdə biletlər qalacaq. Birini sənə xokkey komandamızın qələbəsi münasibəti ilə hədiyyə edərəm" dedi. Ancaq az sonra iki rus satıcı arasında bərk dava düşdü, polislər ora yaxınlaşdılar və mən hədiyyəmi gözləmək əvəzinə, bilet alıb stadiona getdim. 

Müasir və klassik musiqini, şərq və qərbin həm rəqs, həm musiqi alətlərini sintez edən, daha çox elektronik musiqi və səhnə dekorasiyasına üstünlük verilən bağlanışda son iki medal təqdimetmə mərasimi də baş tutdu. Hər ikisində meydanın ortasında ucaldılan bayraqlar diqqəti çəkirdi - birincisində bütün bayraqların Skandinaviya ölkələrinə məxsus olması, ikincisində isə gümüş və bürünc medal almış atletlərin Rusiyadan olduğuna görə, iki Olimpiya bayrağının ucaldılması.

Çıxışlar və Pekin-2022 təqdimetməsi ilə davam edən mərasimdə bir neçə dəfə Şimali Koreya və Cənubi Koreya arasındakı məsələlərə toxunuldu. Beynəlxalq Olimpiya Komitəsi rəsmiləri də, başqa çıxışçılar da Şimali və Cənubi Koreyanın eyni bayraq altında çıxış etməsi, son zamanlar artan diplomatik danışıqların fonunda bu oyunların Koreya yarımadasına davamlı sülhün gətirəcəyinə inandıqlarını dedilər. 

Baxılıb: 84
son xəbərlər
22:3503.03.2018