Maraqlı
Şimali Koreyaya Azərbaycandan kimlər hədiyyə göndərib?
A
Şimali Koreyaya Azərbaycandan kimlər hədiyyə göndərib?
22:09 01.03.2018
16-21 fevral tarixləri arasında dünyanın ən sirli, qapalı ölkəsi olan Şimali Koreyaya səfər etmiş ictimai fəal Bəxtiyar Hacıyev öz səfər qeydlərini XəbərNet.az üçün qələmə alıb. Həmin qeydləri təqdim edirik.

Əvvəlki qeydlər: 

Mhohyang dağı və Beynəlalq Dostluq Sərgisi:

Səfərimizin 4-cü günü Pxenyandan 3 saatlıq məsafədə yerləşən Mhohyang dağına və orada yerləşən Beynəlxalq Dostluq sərgisinə getməli idik. Səhər erkən saatlarda oyanıb, avtobusla dağa doğru yola çıxdıq. Bizə yolda məlumat verdilər ki, Beynəlxalq Dostluq sərgisində Kim İr Sen və Kim Çen İrə dünyanın müxtəlif ölkələrindən göndərilmiş 100 000-dən çox hədiyyə nümayiş etdirilir.  Muzey 3 fərqli binadan, on minlərlə kvadrat metr sahədən, yüzlərlə otaqdan ibarətdir. Muzeyin girişində böyük və dəbdəbəli qapılar xüsusi mərasimlə açıldı və bizə bildirildi ki, içəridə heç bir foto və video çəkiliş etmək olmaz. Foto qadağası olan yerlərdən ən çox təəssüf etdiyim yerlərdən biri də məhz bu muzey idi. Çünki, orada kimlərin nə hədiyyələri yox idi ki? Stalinin Kim İr Senə 1950-ci illərdə hədiyyə etdiyi, 8 sm-lik güllə keçirməyən ZİM və ZİS avtomobillərindən tutmuş, Vladimr Putinin hədiyyə etdiyi silahlara qədər, dünyanın 100-dən çox ölkəsinin liderləri, şirkət və qurum rəhbərlərinin maraqlı hədiyyələri vardı. Muzeydəki hədiyyələrin çoxu kommunist ölkələrindən göndərilsə də, qərb ölkələrinin rəhbərləri, nüfuzlu qurumlarından da hədiyyələr vardı. Məsələn, CNN, Associated Press, Türk Hava yolları və s. 

Əsas binanın mərkəzi zalında dünyanın hansı ölkələrindən hədiyyələrin göndərildiyini göstərən xəritə vardı. Azərbaycanın adının qarşısındakı işıq yanırdı və deməli, Azərbaycandan da hədiyyə vardı.  Mən səbirsizliklə və maraqla o hədiyyələri axtarmağa başladım. Onlarla otaq, bir neçə mərtəbə gəzdikdən sonra, bizə muzeydəki turumuzun başa çatdığını bildirdilər. Mən israrla Azərbaycandan olan hədiyyələri kimlərin göndərdiyini və hədiyyələrin nədən ibarət olmasını görmək istədiyimi bildirdim. Muzey rəhbərliyi bildirdi ki, Azərbaycanın hədiyyəsi digər binadadır və ora xeyli yerimək lazımdır, qapıları açdırmaq, bələdçiləri çağırmaq əlavə işdir. Qrupdakı digər turistlər də Azərbaycanın hədiyyəsini görmək istədiklərini bildirdikdə, ikinci, nisbətən daha az əhəmiyyətli binaya doğru getdik. Çindən olan hədiyyələrin nümayiş etdirildiyi təxminən 10 otaqdan sonra Azərbaycandan olan hədiyyələrin saxlandığı və nümayiş etdirildiyi otağa gəldik. Burada cəmi 2 hədiyyə vardı. Birinci hədiyyənin, zövqlə bəzədilmiş nərd taxtası və zərlərin qarşısında, "Gabarit MMC" (Rusiya/Azərbaycan) rəhbərindən" yazılmışdı. Digəri isə Bakının yağlı boya ilə çəkilmiş rəsmi idi və Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri tərəfindən göndərilmişdi. 

Günortadan sonra yenidən Pxenyana qayıtdıq və bir neçə mərkəzə daha getdik. Bunlar arasında hər gün yanından bir neçə dəfə keçdiyimiz mərkəzi kitabxana vardı. Koreyalılar buranı "Böyük Oxu Evi" adlandırırdılar. Burada milyondan artıq kitab saxlanır və hər bir koreyalı oradan kitab götürüb 
oxuya bilər, kitabxanada müxtəlif ölkələrin musiqilərini dinləyə bilər, kliplərini izləyə bilər. Eyni zamanda kitabxanada hər gün pulsuz Çin dili və İngilis dili kursları təşkil edilir. Biz binada olanda orta yaşlı bir kişi qaçaraq bizə qoşuldu, ingilis dili dərsinə gecikdiyini bildirdi. Ümumiyyətlə, bütün kasıblıqlarına, dünyadan təcrid edilməklərinə baxmayaraq, koreyalılarda oxumağa, öyrənməyə, kənar dünyada baş verənlərə marağı hiss etməmək mümkün deyildi. Müşahidə etdiyimiz ingilis dili dərsində müəllimə xahiş etdi ki, qrupdan kimsə tələbələrlə danışsın, onlar qarşısında çıxış etsin. Mən çıxıb bir az Azərbaycan haqqında, bir az səfərimiz haqqında danışdım. Tələbələrdən biri kitabxanaları haqqında sual verdi. Mən cavabımda dünyanın müxtəlif ölkələrində kitabxanalarda olduğumu qeyd etmişdim və bu, mənə verilən son sual oldu. Sonradan bələdçilərimiz mənə bildirdilər ki, dünyanın başqa yerləri haqqında danışmaq oradakı tələbələrə pis təsir edə bilər. 

Daha sonra yolüstü Partiya heykəli və bürünc heykəllər ətrafında dayandıq.  Koreya Əmək partiyasının qurulmasının 50-ci ildönümü münasibəti ilə ucaldılmış, çəkic, oraq və fırçadan ibarət, ətrafında 50 metr diametrlik kəmər olan heykəl. Şimali Koreyalılar çəkicin fəhlələri, orağın kəndliləri, fırçanın isə intellektual kəsimi təmsil etdiyini, heykəlin ətrafındakı kəmərin isə koreyalıların partiya və onun lideri ətrafında sıx birləşməsinin simvolu olduğunu dedilər. Bürüncdən ucaldılmış, Kim İr Sen və Kim Çen İrin heykəllərinə getməyimiz isə bir neçə dəfə israr etdikdən sonra baş verdi. Ümumiyyətlə, Şimali Koreyada rəhbərlərin heykəlləri olan yerlərdə rəsmi olaraq sürət limiti var. 

Biz hər dəfə bu heykəllərin qarşısından keçəndə avtomobilimiz yavaşlayır, sonra sürətlə yoluna davam edirdi. Biz bir neçə dəfə heykəl yanına getmək istədiyimizi desək də, hər dəfə bir bəhanə ilə ertələyirdilər. Bu dəfə isə, razılaşdılar. Ancaq məlumat verdilər ki, biz mütləq heykəlin qarşısına gül qoymalıyıq və heykəllərə qarşı heç bir hörmətsiz jest edə bilmərik. Heykəl fotolarını çəkərkən, bütün bədəni götürməyimizi və kadrı kəsməməyimizi xahiş etdilər. Biz razılaşdıq və güllərimizi alıb, heykəl qarşısına qoyduq. Heykəl ətrafında iki gənc cütlüyün toy mərasimi keçirilirdi. Onlar toy adətlərindən biri kimi, Kim İr Sen və Kim Çen İrin bürünc heykəlləri önünə gəlir, onların ruhlarından yeni qurulacaq ailələrinə xeyir-dua alırlar. Mən 
cütlüklərdən biri ilə qısaca söhbət etdim. Soruşdum ki, niyə ətraflarında belə az adam var? Bəy bildirdi ki, toya toplaşanlar artıq restorandadırlar və yeni cütlük heykəl ritualını yerinə yetirdikdən sonra onlara qoşulacaqlar. 

Kim İr Sen meydanı: Adətən, Şimali Koreyadan beynəlxalq mətbuatda gördüyümüz görüntülər bu meydandan çəkilir. İstər hərbi paradlar, istərsə də zərgər dəqiqliyi ilə sinxron şəkildə rəqs edən minlərlə insanın görüntüsü Kim İr Sen meydanındandır. Meydan adi günlərdə boş olur və oradakı binalarda müxtəlif nazirliklər və dövlət qurumlarının yerləşdiyini bildirdilər. Təxminən, Azərbaycandakı Hökümət Evi kimi binalar. Bizim səfərimizdən 1 həftə əvvəl Pxenyanda növbəti hərbi parad olmuşdu və bu parad zamanı da ətrafda dayanan insanların sinxron hərəkətləri diqqət çəkmişdi. Biz meydanda olanda yerdə müxtəlif rəqəmlər və ədədlərin yazıldığını gördük. Bunların hər bir insanın fərdi kodu olduğunu, parad və kütləvi tədbirlərdə iştirak edəcək şəxslərin hər birinin dayanacağı yeri göstərdiyini dedilər.

Zəfər tağı  
Axşam saatlarında isə Kim İr Senin 70-ci doğum günündə açılışı olan və 1925-1945-ci illərdə Yaponiyaya qarşı müqavimətə həsr edilmiş Zəfər Tağını ziyarət etdik. Bu abidə Parisdəki məşhur Zəfər Tağına çox oxşasa da, Pxenyandakı abidənin hündürlüyü Parisdəkindən 10 metr daha çox olmaqla, onu arxada qoyur. Bələdçilərimiz bu məlumatı verəndə, hər iki Zəfər Tağını görmüş bir neçə dostumuzla bu məlumata bir az tərəddüdlə yanaşdıq, ölkədə internet olmadığı üçün, məlumatı dəqiqləşdirə bilmədik. Ancaq onlar bizi əmin etdilər ki, Pxenyan Zəfər Tağı Parisdəkindən daha böyükdür. İnternet bağlantısı olan ölkəyə çatan kimi yoxladığım məlumatlardan biri bu oldu. Doğru deyirlərmiş. Ancaq heç təəccüblənmədim - eyni şəxslərin uzun müddət idarə etdiyi ölkələr hər şeyin ən hündürü, ən böyüyünü tikməyə can atırlar. 

Davamı olacaq...

Baxılıb: 567
son xəbərlər
22:3503.03.2018